Prezident İlham Əliyevin Vitse-prezident Mehriban Əliyeva ilə birlikdə avqustun 21-də baş tutan Kəlbəcər səfəri ölkə və dünya ictimaiyyəti qarşısında bölgə ilə bağlı yeni reallıqların perspektivlərinin ifadəsi kimi dəyərləndirilir. Bu fonda işğaldan azad olunan ərazilərimizin bərpa prosesi, “böyük Qayıdış” proqramına uyğun görülən işlər, Prezidentin Kəlbəcərə ilk köç edən sakinlərlə görüşü və oradan ölkə ictimaiyyətinə, bütövlükdə region dövlətlərinə verdiyi mesajlar maraqla izlənir.
Kəlbəcərlilər öz rayonu ilə bağlı cərəyan edən proseslərə necə yanaşır?
Bu istiqamətdə hafta.az-a siyasi xadim, Kəlbəcər rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov danışıb.
-1992-1993-cü illərdə Qarabağ və Qarabağətrafı rayonlarımızın, eləcə də Kəlbəcərin işğalı hansı strateji mövqelərimizin itirilməsi idi?
- Kəlbəcər Azərbaycanın ən böyük ərazilərindən biridir və Ermənistanla böyük sərhədə malikdir. Kəlbəcər strateji baxımdan əlverişli ərazidə yerləşir. O baxımdan Kəlbəcərin müdafiəsi daha möhkəm qurulmalı idi ki, işğala məruz qalmasın. Amma təəssüflər olsun ki, o vaxtkı rəhərliyin səriştəsizliyi, idarəetmə qabiliyyətinin olmaması, siyasi özbaşınalıqlar Kəlbəcərin də işğala məruz qalmasına gətirib çıxartdı. Məlumdur ki, Laçın Kəlbəcərdən bir il əvvəl işğala məruz qaldı. Laçın çıxdıqdan sonra Kəlbəcəri orda saxlamaq çox çətin idi. Hadisələr başlayandan Kəlbəcərin işğalına qədər 5 il vaxt keçdi. Separatçılar tez-tez Kəlbəcərə silahlı basqınlar edirdi. O zaman Kəlbəcər rayonun Ağdaban kəndi 1992-ci ildə bir dəfə, 1993-cü ildə isə ikinci dəfə işğal edildi. Buna baxmayaraq Kəlbəcər çətinliklərə tab gətirdi. Ağdərə yolu bağlanandan sonra durum olduqca çətinləşdi. Kəlbəcərə Laçından yol var idi, Laçın işğal olunandan sonra o yol da bağlandı. Sonradan təcili Murova yol çəkildi. İnsanların ümid yolu tək o yol idi. 1993-cü il aprel ayının 2-3-ü Kəlbəcər tamamilə işğal edildi. O vaxt Kəlbəcərin 55 minə yaxın əhalisi var idi. Həmin o 55 min əhali Murov dağını, Ömər aşırımını keçərək canlarını zorla qurtardılar. O zaman tək Kəlbəcər 511 şəhid Verdi, 300-dən artıq insan girov götürüldü. Erməni vandalları insanlarımıza vəhşicəsinə, qəddarlıqla, insanlığa sığmayan olmazın işgəncələri verdilər. Elə oldu ki, kəlbəcərlilər ələ düşməmək üçün özlərini Tərtər çayına ataraq şəhid oldular. Öz yurdlarından didərgin düşən Kəlbəcər camaatı ölkənin 56 rayonunda 700-dən artıq yaşayış məntəqəsində məskunlaşdı. Torpaqlarımızın işğal altında olduğu ötən müddət ərzində ulu öndərin hakimiyyətə qayıdışı ilə məcburi köçkünlərimizə xüsusi diqqət və qayğı göstərildi. Elə həmin dövrdə məcburi köçkünlər üçün 120-yə yaxın qəsəbə salınmışdı. Nə qədər çətin dövrlər olsa da, Kəlbəcər sakinlərinin yaşayıb işləmələri üçün xeyli işlər görüldü.
- Kəlbəcərin işğalı ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr icra olunmadı. 30 il sonra bu qətnamələrin icrası nəyi diqdə edir?
- O zaman BMT-də Kəlbəcərlə bağlı qəbul olunan 2 qətnamə, ümumən 4 qətnamə qəbul olundu. Həmin sənədlərə görə, ermənilər qeyd-şərtsiz işğal etdikləri əraziləri tərk etməli, məcburi köçkünlərimiz öz yurdlarına qayıtmalı idi. Amma təəssüflər olsun ki, BMT qətnamələri 30 ilə yaxın müddətdə icra olunmadı. Nə BMT həmin qətnamələrin icrası üçün mexanizmlər işə saldı, nə də Ermənistan o qərarların icrasına əhəmiyyət vermədi. ATƏT-in Minsk qrupu yaradıldı. Bu qurum da məsələnin həllinə deyil, Ermənistanın xeyrinə işləyirdi. Təbii ki, ordumuzun gücləndirilməsi gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində dövlət proqramı uğurla icra olunurdu. Azərbaycan 2020-ci ildə əks-hücuma keçərək 44 gün ərzində öz torpaqlarını Ali Baş Komandanın rəhbərliyi altında azad etdi. Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun...
- Kəlbəcərin, habelə Laçının və Ağdamın bir güllə belə atılmadan qaytarılması bu müharibədə hansı yeri tutur?
- 44 günlük müharibədə Azərbaycanın qazandığı ən böyük uğurlardan da biri bu ərazilərin məhz gülləsiz, qan tökülmədən azad olunması idi. 8 noyabr - Şuşa işğaldan azad olunandan sonra 10 noyabrda üçtərəfli kapitulyasiya sənədi imzalandı. Ermənistan Azərbaycanın həmləsinə görə ağ bayrağını qaldırıb kapitulyasiya aktına imza atdı. Bu aktın ən mühüm amillərindən biri Laçın, Kəlbəcər, Ağdamın bir güllə atılmadan azad olunması idi.
Kəlbəcər rayonu ərazisi 1936 kv. km olmaqla Azərbaycanın ən böyük rayonudur. Sonra Ağdərənin rayonumuza birləşməsi ilə ərazisi daha da böyüdü. O əraziləri qışın soyuq vaxtlarında, müharibə yolu ilə azad etmək böyük itkilər demək idi. Hər birimiz başa düşməliyik ki, bu üç rayonun güllə atılmadan qaytarılması Ali Baş Komandanın böyük uğurlu siyasətinin nəticəsi idi.
Kəlbəcər azad edilən zaman ermənilər öz mənfur əməllərindən əl çəkmədilər - meşələri, evləri yandırdılar, evləri dağıdıb, bütün əşyalarını taladılar. Suverenliyimizin bərpası ilə əlaqədar olaraq 2023-cü ildə antiterror əməliyyatlarının həyata keçirilməsi ən uğurlu nəticə oldu. Separatçı tör-töküntüləri ağ bayraq qaldırıb ərazini tərk etdilər. Azərbaycan tam suverenliyini qazandı.
- Avqustun 21-də Kəlbəcərə ilk köç oldu. Bu günün kəlbəcərlilər üçün əhəmiyyəti nədir?
- Kəlbəcərlilər bu günü səbirsizliklə gözləyirdi. Hər birimiz üzrəkdən sevindik. Mən ilk köç karvanında Kəlbəcərə gedən sakinlərimizi təbrik edirəm.
Cənab Prezidentin və Mehriban xanımın Kəlbəcər səfərində sakinlərimizlə görüşü və onların dayanıqlı həyat şəraitinin, məşğulluğunun təmin olunması ilə əlaqədar dövlət proqramının uğurla həyata keçirilməsi ilə bağlı səsləndirdiyi fikirləri şübhəsiz ki, gözəl perspektivlərdən xəbər verir. Bu günlər Kəlbəcərdə uşaq baxçası, orta məktəb binası, xəstəxana və digər inzibati binaların tikintisi uğurla davam edir. Prezident həmin səfərdə kiçik su elektrik stansiyalarının açılışını etdi. Artıq Kəlbəcərdə su elektrik yarmsatansiyalarn sayı artır, Kəlbəcər kənardan enerji gəlmədən də özü bərpa olunan elektrik enerjisi ilə təmin olunacaq. Kəlbəcərə artıq qaz kəməri çəkilib. Bu, Kəlbəcərdə həyat şəraitinin yaxşılaşdırılması üçün uğurlu addımdır.
- Bu gün Kəlbəcərin flora və faunası, onun zəngin təbii sərvətləri, ecazkar təbiəti ilə bağlı nələri söyləyərdiz?
-Kəlbəcər gözəl yerdir. Onun ecazkar təbiəti, flora və faunası, təbii sərvətləri, su ehtiyatları çox zəngindir. Kəlbəcər dağlıq ərazidir, həm də zəngin meşə örtüyünə malikdir. Kəlbəcər rayonunda 4 mindən artıq bitki növü vardır ki, onun 200-dən artığı dərman bitkiləridir. Kəlbəcərdə 3000-dən artıq mineral su bulaqları var. Artıq dünyaca məhşur İstisu doldurma Zavodu işə salınıb. Artıq ölkəmizdə səfərdə olan xarici qonaqlarımızla görüşlərdə masaya isti su qoyulur. Bu, hər birimizə qürur verir. İsti su tərkibinə görə çox zəngin müalicəvi əhəmiyyətə malikdir. Sovetlər dövründə isti su bulağı ərazisinin çıxdığı ərazidə sanatoriya tikilmişdi və insanlar gəlib orada istirahət edir, müalicə alırdılar. Bu gün orada bir günü 300 nəfərdən artıq tutumu olan müalicə-istirahət kompleksi tikilir. Kompleks 30 hektar ərazini əhatə edir. Biz yaxın zamanlarda onun açılışnı da görəcəyik, orada çoxlu sayda insanlar işlə təmin olunacaqlar. Kəlbəcərin relyefi, coğrafi dağlıq ərazidə yerləşməsi bu yerləri turizm üçün çox uğurlu edir. Ona görə də bu gün yol infrastrukturunun yüksək səviyyədə qurulması, insanların gediş-gəlişini asanlaşdırmaq üçün mühüm amildir. Prezidentin Kəlbəcər balının keyfiyyəti, onun tərkibi, müalicəvi əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər təsadüfi deyil. Prezident 21 avqust tarixndə etdiyi çıxışı zamanı Kəlbəcərdə arıçılığn inkişafına diqqət çəkdi və bal, eləcədə digər arıçılıq məhsullarının satışı ilə bağlı mağazanın açılışını etdi. Eləcə də Kəlbəcərdə digər - maldarlıq, qoyunçuluq, əkinçiliklə yanaşı arıçılıq təsərrüfatı inkişaf etdiriləcək.
- Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri fonunda Kəlbəcərdə gedən bərpa-quruculuq işlərinə diqqət çəkərdiz.
- Torpaqlar azad ediləndən sonra Prezidentin işğaldan azad olunmuş ərazilərə səfərləri, eyni zamanda beynəlxalq diplomatik nümayəndələrin həmin ərazilərə dəvət olunması, erməni vəhşiliklərinin xarici nümayəndələrə göstərilməsi də mühüm əhəmiyyət kəsb edir. Ən böyük məsələ isə işğaldan azad olunmuş ərazilərimizdə geçikmədən bərpa və təmiri üçün dövlət proqramı qəbul olundu və bərpaya başlanıldı. Bu gün Kəlbəcər o rayonlarımızdandır ki, orada böyük infrastruktur layihələr uğurla həyata keçrilməkdədir. Bu gün Ağdərə-Kəlbəcər yolu yenidən bərpa olunur. Əgər Kəlbəcərin sovetlər dövründə bir Ağdərə yolu var idisə, indi o yol yenidən bərpa olunur, abadlıq işləri aparılır. Bundan başqa Göygol-Toğanalı, Kəlbəcər-İstisu yolu çəkilir. Prezident son səfəri zamanı həmin yolda olan 11,7 km tunelin və daha 3 tunelin texniki açılışını etdi. Artıq Prezidentin də dediyi kimi Gəncədən Kəlbəcərə 1 saat 10 dəqiqəyə, qısa zaman kəsiyində gedib gələ biləcəyik. Daşkəsəndən Kəlbəcərə, Kəlbəcərdən Laçın istiqamətinə böyük magistral yol çəkilir. Qeyd edim ki, Laçın aeraportundan çəkilən yoldan Kəlbəcərə cəmi 60 kilometrdir. Qısa zaman ərzində təkcə yol infrastrukturunda, Kəlbəcərə gediş-gəlişin asanlaşması istiqamətində dövlətin gördüyü işlər əvəzsizdir.
Prezident Mehriban xanım Əliyeva ilə birlikdə 2022, 2023, 2024-cü ildə Kəlbəcərə səfərlər etmiş, orda təməlqoyma tədbirlərində iştirak etmiş və öz tövsiyə və tapşırıqlarını verib. Onun bütün işlərə mütəmadi olaraq birbaşa nəzarət etməsi işin keyfiyyəti və vaxtında icra olunması deməkdir. Bu gün Kəlbəcərdə hündür və müasir standartlara uyğun fərdi yaşayış evləri tikilir. Dövlət proqramının ilkin mərhələsi 2026-cı ildə başa çatacaq. Prezident artıq 1-ci yaşayş məhəlləsi tikilib başa çatb. Prezident avqust ayının 21-də Kəlbəcərin ilk sakinləri ilə görüşdü və eyni zamanda 3-cü 4-cü yaşayış məhələsinin, eyni zamanda Kəlbəcər şəhər parkının təməlqoyma mərasimlərində iştirak etdi və sakinlərə mənzillərin açarları təqdim edildi. Prezident orada Kəlbəcərin dünyanın ən füsünkar şəhərlərindən biri olacağını dedi.